Maskalı şəxslər evi qarət edərək yandırıblar. Ukraynanın Donetsk vilayətinin Krasnoarmeysk şəhərində azərbaycanlı iş adamı Rəşid Bəhmən oğlu Əliyevin evinə silahlı hücum olub. Basqınçılar onun ailə üzvlərini ölümcül döyüb, evi isə talan edərək yandırıblar.
Əslən Azərbaycanın Masallı rayonundan olan, Ukrayna vətəndaşı R. Əliyev APA-ya açıqlamasında bildirib ki, ötən həftənin şənbə günü səhər saatlarında o evdən çıxan kimi maskalı və silahlı 4 nəfər evə basqın edib.R. Əliyevin həyat yoldaşı və qızı ölümcül döyülüb, ağır kəllə-beyin travması alıblar. Maskalılar daha sonra evi talan edərək, 14 min dollar və təxminən 50 min dollar dəyərində qızıl-zinət əşyalarını götürüb, evə od vurublar.
Hazırda ağır yaralı vəziyyətdə olan ailə üzvlərini Azərbaycana göndərən R. Əliyev bildirib ki, hadisə hazırda şəhər milisi tərəfindən araşdırılır.
Şəhərin Azərbaycanlılar Cəmiyyəti isə bununla bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib.
R. Əliyev bir müddət əvvəl azərbaycanlıların təmsil olunduğu cəmiyyətin rəhbəri olub.
Qeyd edək ki, Donetsk vilayətinin Krasnoarmeysk şəhəri aktiv hərbi əməliyyatların getdiyi ərazidə yerləşmir, Ukrayna hakimiyyətinin nəzarətindədir.