"Yasen-M" layihəli Rusiya sualtı qayıqları qlobal səviyyəli və əhəmiyyətli silahdır.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Arxangelsk vilayətinin Severodvinsk şəhərinə işgüzar səfəri zamanı bildirib.
Rusiya lideri "Perm" atom sualtı qayığında hərbi-dəniz bayrağının qaldırılmasına həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Onun sözlərinə görə, bu submarina son altı il ərzində Rusiya Hərbi Dəniz Donanmasına təhvil verilən "Yasen-M" layihəli artıq beşinci sualtı kreyserdir.
"Rusiya bu cür güclü atom sualtı qayıqları - qlobal səviyyəli və əhəmiyyətli silahlar inşa etməyə qadir olan dünyanın azsaylı ölkələrindən biridir. Bunun üçün bizim konstruktor bürolarımız və gəmiqayırma zavodlarımız qabaqcıl texnologiyalara və mühəndislik həllərinə, zəngin təcrübəyə və ən yüksək ixtisaslı kadrlara malikdir", - deyə Rusiya lideri bildirib.
Putin həmçinin qeyd edib ki, bu sualtı qayıqlar dəniz bazalı bütün növ qanadlı raketləri, o cümlədən "Sirkon" hipersəs raketlərini tətbiq etmək qabiliyyətinə malikdir. Onun sözlərinə görə, sözügedən döyüş sursatları zərbə gücünü və yüksək hədəfə dəymə dəqiqliyini təsdiqləyib.
QAZİLER.AZ