Tilovuna düşən balıq həyatını dəyişdi: 26 yaşlı gənc bir gecədə milyonçu oldu

Tilovuna düşən balıq həyatını dəyişdi: 26 yaşlı gənc bir gecədə milyonçu oldu backend

Avstraliyanın Darvin şəhərində yaşayan 26 yaşlı Metyu Moris xaricdən gələn qardaşı ilə birlikdə axşam saatlarında qayıqla balıq ovuna çıxıb. Sahildən çox uzaqlaşmayan qardaşların ovunda sudan çıxan balığın üzərindəki qırmızı etiket ona böyük sərvət qazandırıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, futbol məşqini bitirən Morisin həmin axşamkı planı qardaşı ilə bir az söhbət edib tilov atmaq idi. Onlar qayığı suya endirdikləri yerdən heç bir kilometr belə uzaqlaşmamışdılar. Tilovuna düşən balığı görmək üçün baş fənərini yandıran Moris balığın gümüşü gövdəsindən sallanan etiketi fərq edib.

80 santimetrlik barramundi böyük mükafatı gətirdi

Metyu Morisin tutduğu 80 santimetrlik barramundi növündən olan balıq Avstraliyanın Şimal Ərazisində keçirilən "Million Dollar Fish" (Milyon Dollarlıq Balıq) müsabiqəsinin böyük mükafatını daşıyırdı. Moris qırmızı etiketi görən kimi mükafat qazana biləcəyini anlayıb.

Balığı müsabiqənin səlahiyyətli şəxslərinə təhvil verdikdə qazandığı məbləğin 1 milyon Avstraliya dolları olduğunu öyrənib. Şad xəbəri ona Şimal Ərazisinin Baş naziri Lia Finokiaro verib. Moris mükafatın dəqiqləşməsindən sonra xəbəri bölüşmək üçün anasına və qardaşına zəng edib.

Qazandığı pulla ev almağı düşünür

Qardaşı ilə balıq tutub-tutmamağa önəm vermədiklərini deyən Moris mükafatı öyrəndikdən sonra keçirilən mətbuat konfransında “Bir milyon dollar dəyərində balıq tutduğuma inana bilmirəm” deyib. O, qazancı ilə ev almağı və borclarını ödəməyi planlaşdırdığını bildirib.

12 ildə böyük mükafatı qazanan ikinci şəxs oldu

Moris müsabiqənin 12 illik tarixində milyon dollarlıq mükafatı qazanan ikinci balıqçı olub. İlk böyük mükafatı Ketrin şəhərindən olan Kiqan Peyn qazanmışdı.

Qeyd edək ki, Şimal Ərazisində balıqçılıq turizmini canlandırmaq məqsədilə təşkil edilən müsabiqə oktyabrın 1-də başlayıb. Böyük mükafatı daşıyan balıqla yanaşı, hər biri 10 min Avstraliya dolları dəyərində olan 100 etiketli barramundi bölgədəki sulara buraxılıb. Müsabiqə 2027-ci il martın 31-dək davam edəcək.

QAZİLER.AZ