ABŞ-də quş qripindən ölüm qeydə alınıb

ABŞ-də quş qripindən ölüm qeydə alınıb backend

ABŞ-nin Vaşinqton ştatında A(H5) quş qripi virusuna təsdiqlənmiş üç yoluxma və bir ölüm faktı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, yoluxanların hər üçü Yakima dairəsindəki süd fermalarının əməkdaşlarıdır. Həmin fermalarda əvvəllər iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusu aşkarlanıb.

Qeyd olunub ki, yoluxma hallarının araşdırılması və xəstələrlə təmasda olan şəxslərin müşahidəsi davam edir. Hazırda virusun insandan insana keçməsinə dair heç bir sübut aşkar edilməyib.

ÜST ümumi əhali üçün A(H5N1) virusuna yoluxma riskini aşağı, peşə fəaliyyəti zamanı virusla təmasda olan şəxslər üçün isə aşağı və ya orta səviyyədə qiymətləndirir.

ÜST-nin məlumatına görə, bu, yoluxmuş südlük mal-qara ilə təmas nəticəsində insanda qeydə alınan ilk ölüm halıdır.