London şəhər polisi 893 kiloqram kokain müsadirə edib və narkotik tədarükü məqsədilə əlbir olmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, maddələrin bir hissəsi "New Spitalfields" topdansatış bazarındakı portağal yeşiklərində, digər partiyalar isə yük avtomobilində və axtarışlar zamanı aşkarlanıb. İstintaqın qiymətləndirməsinə görə, müsadirə olunan narkotikin dəyəri milyonlarla funt sterlinqə çata bilər.
Polisin mətbuat xidmətinin məlumatına görə, Leyton rayonundakı bazarda əməliyyat noyabrın 22-də axşam saatlarında keçirilib. Narkotik tədarükü məqsədilə sövdələşmədə şübhəli bilinən 27–58 yaş arası beş kişi saxlanılıb. Yaxınlıqda saxlanılan daha bir kişinin üzərində isə təxminən 100 kiloqram narkotik olduğu ehtimal edilən maddə aşkarlanıb.
İstintaq çərçivəsində polis Hartfortşir qraflığının Çeşant şəhərindəki bir evdə də axtarış aparıb. Orada 48 yaşlı kişi saxlanılıb və təxminən 450 min funt sterlinq nağd pul götürülüb.
Bundan əlavə, Kent qraflığının Meydston şəhəri yaxınlığında yük avtomobili saxlanılıb. Duvrda aparılan baxış zamanı avtomobildə təxminən 250 kiloqram kokain olduğu güman edilən maddə aşkar edilib və sürücü saxlanılıb.
İstintaq rəhbəri, superintendant Lindsi Billani bildirib ki, bu əməliyyat müsadirə edilən narkotiklərin həcminə görə London polisinin tarixində ən iri əməliyyatlardan biri olub.
QAZİLER.AZ
