Malayziyada keçmiş həyat yoldaşları qonşuların şikayətindən sonra evdə tək qaldıqlarına görə saxlanılıblar.
Qaziler.az xəbər verir ki, bu barədə Sinqapurun "Mothership" nəşri yazır.
Hadisə noyabrın 20-nə keçən gecə Pontian rayonunda baş verib. Cohor ştatının İslam Dini İdarəsinin əməkdaşları yerli sakinlərin şikayətindən sonra yoxlama aparıblar. Onlar gecə saat 01:40 radələrində qadının evinə gəliblər və orada onun keçmiş ərini aşkar ediblər. Həmin vaxt qonaq otağında onların iki övladı yatırmış.
Rəsmilərin məlumatına görə, kişi və qadının 30-dan çox yaşı var. Onlar əvvəllər evli olublar, lakin bir ildən çoxdur ki, boşanıblar. Kişi uşaqlarına baş çəkmək üçün gəldiyini bildirib.
Cütlük "xəlvət"də — şəriətlə qadağan olunmuş, qohumluq əlaqəsi olmayan kişi və qadının təklikdə qalmasında şübhəli bilinərək saxlanılıb. İş 1997-ci il tarixli Cohor ştatının Şəriət Cinayət Məcəlləsinin 27-ci maddəsi ilə araşdırılır.
Dini idarənin nümayəndələri keçmiş ər-arvada islam normalarına uyğun olaraq yenidən nikah bağlamaq istədikləri halda Pontian qazisinə (müsəlman hakiminə) müraciət etməyi məsləhət görüblər.
QAZİLER.AZ
