ABŞ və İran arasındakı münaqişə fonunda qaz və elektrik enerjisinin qiymətinin kəskin artması səbəbindən Avropanın gübrə istehsalçıları fəaliyyətlərini dayandırır.
Qaziler.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti sahə üzrə şirkət rəhbərlərinə istinadən məlumat yayıb.
Avropada qazın qiyməti 1 meqavat-saat üçün 90 avrodan yuxarı səviyyədə qalır (müharibədən əvvəl bu rəqəm 32 avro idi). Ammonyak istehsalındakı dəyişən xərclərin 80–90 faizi qazın payına düşür və onun Avropada istehsalı bir ton üçün 1096 dollara qədər bahalaşıb. Müqayisə üçün qeyd edək ki, idxal olunan ammonyakın (Şimali Afrika, Trinidad və Tobaqo, ABŞ-dən) bir tonu 760 dollara başa gəlir.
Bu fonda dünyanın ən böyük mineral gübrə istehsalçılarından biri olan Norveçin "Yara" kimya şirkəti Avropadakı zavodlarında ammonyak istehsalını 27 faiz azaldıb. "AGF Nitrogen" şirkəti isə hələ sentyabr ayında ammonyak istehsalı güclərini minimum yüklənmə rejiminə (təxminən 80–85 faiz) keçirib, oktyabrın sonunda Fransa, Almaniya, Avstriya, Çexiya və Slovakiyadakı müəssisələrin fəaliyyətini müvəqqəti dayandıra biləcəyini istisna etməyib və təkliflərini bazardan geri çəkib. Şirkət Fransadakı bir istehsal xəttini isə tamamilə dayandıraraq, liman zonasında idxal olunan ammonyakdan istifadəyə keçib.
Şirkət rəhbərləri müflisləşmə riski, istehsal güclərinin Avropadan kənara köçürülməsi və idxaldan asılılığın artması barədə xəbərdarlıq edirlər. Onların sözlərinə görə, logistik məhdudiyyətlər səbəbindən idxal daxili bazarların, xüsusilə də Mərkəzi Avropanın tələbatını tam ödəyə bilmir.
QAZİLER.AZ
