Avropa Komissiyası Avropada “Coca-Cola” içkilərinin qablaşdırılması ilə məşğul olan ən böyük şirkət — “Coca-Cola Europacific Partners” (CCEP) barəsində antiinhisar araşdırmasına başlayıb. Tənzimləyici qurum şirkəti “Coca-Cola”, “Fanta” və “Sprite” içkilərinin qiymətlərinin artmasına səbəb ola biləcək rəqabət pozuntularında şübhəli bilir.
Qaziler.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, CCEP Almaniya, Fransa, İsveç, İspaniya və digər Avropa ölkələrindəki supermarketlərə, mağazalara və yanacaqdoldurma məntəqələrinə içki tədarük edir. Şirkətin səhmlərinin təxminən 18%-i “Coca-Cola” korporasiyasına məxsusdur.
Avropa Komissiyasının versiyasına görə, CCEP qiymətlərin daha aşağı olduğu ölkələrdən məhsul alınmasına və digər Aİ dövlətlərində yenidən satılmasına mane ola bilərdi. Bunun üçün şirkətin qablaşdırma fərqlərindən sui-istifadə etdiyi, transsərhəd satışlardan imtina şərti ilə endirimlər təqdim etdiyi və hər bir ölkə üçün ayrıca qiymət tələb etdiyi iddia olunur.
CCEP Avropa Komissiyası ilə tam əməkdaşlıq edəcəyinə söz verib. Pozuntular təsdiqlənərsə, şirkəti illik qlobal dövriyyəsinin 10%-nə qədər cərimə gözləyir ki, bu da hazırkı halda 2 milyard avrodan çox təşkil edə bilər.
QAZİLER.AZ

