Gözəllik yarışında İLK: Qalib tacından məhrum edildi - VİDEO

Gözəllik yarışında İLK: Qalib tacından məhrum edildi - VİDEO backend

“Kainat Gözəli Vyetnam 2026” (“Miss Universe Vietnam 2026”) müsabiqəsinin təşkilatçıları qalib Nquyen Kuin Anı titulundan məhrum ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “VietnamNet” qəzeti məlumat yayıb.

Təşkilat komitəsinin rəhbəri və “Five6 Entertainment” şirkətinin baş direktoru Fam Zuy Xanın sözlərinə görə, buna səbəb qalibin müqavilə şərtlərini mütəmadi olaraq pozması olub. Daha əvvəl həmkarlarının ünvanına təhqiramiz mesajlar göndərməsi ilə bağlı qalmaqaldan sonra qız altı ay müddətinə səhnə çıxışlarından kənarlaşdırılmışdı. Buna baxmayaraq, o, təşkilatçılarla razılaşdırmadan tədbirlərdə iştirak etməyə davam edib.

Xüsusilə, Kuin An müqavilə bağladığı başqa bir agentliyin ictimai tədbirində görünüb.  Təşkilatçılar bunu müsabiqənin nüfuzuna xələl gətirən ciddi öhdəlik pozuntusu kimi qiymətləndiriblər.

Bununla yanaşı, model özü daha əvvəl şirkəti psixoloji sağlamlığı ilə bağlı problemləri və işinə fasilə vermək zərurəti barədə məlumatlandırsa da, kommersiya təkliflərini qəbul etməyə davam edib.

Nquyen Kuin An oktyabrın 2-də Hayfonda 29 rəqibini geridə qoyaraq müsabiqənin tacını qazanmışdı və bu titula cəmi 47 gün sahib olub. Qeyd edilib ki, Vyetnamın “Kainat Gözəli” müsabiqəsi tarixində bu, titulun geri alınması ilə bağlı ilk haldır.

Baş verənlər fonunda Kuin An sosial şəbəkə hesablarından titulları ilə bağlı qeydləri silib. Boş qalan yeri kimin tutacağı hələlik məlum deyil.

QAZİLER.AZ