Dünyada müsəlmanların sayı xristianları ötəcək - Araşdırma

Dünyada müsəlmanların sayı xristianları ötəcək - Araşdırma backend

İslam artıq 2035-ci ilə qədər xristianlığı geridə qoya və doqquz ildən sonra dünyada müsəlmanların sayı xristianlardan çox ola bilər.

Qaziler.az xəbər verir ki, "Pew Research Center"in (PRC) yeni araşdırmasına görə, hazırkı demoqrafik tendensiyalar davam edərsə, islam 2035-ci ilə qədər ardıcıllarının sayına görə ilk dəfə xristianlığı qabaqlayaraq planetin ən böyük dininə çevriləcək.

Tədqiqatçıların hesablamalarına görə, həmin vaxta qədər müsəlmanların sayı təxminən 2,57 milyard nəfərə çatacaq, xristianların sayı isə 2,52 milyard nəfər ətrafında olacaq. 2020-ci ildə bu nisbət əksinə idi: dünyada təxminən 2,27 milyard xristian və 2,02 milyard müsəlman var idi.

2070-ci ilə qədər fərq daha da nəzərəçarpacaq dərəcədə arta bilər. Proqnozlara görə, müsəlmanların sayı 3,6 milyard nəfərə — Yer kürəsi əhalisinin təxminən 36 faizinə yüksələcək. Xristianların sayı da artaraq 3 milyarda yaxınlaşacaq, lakin onların dünya əhalisindəki payı təxminən 29 faiz səviyyəsində qalacaq.

Müsəlmanların sayı niyə daha sürətlə artır?

Əsas səbəblər müsəlman əhalisinin daha gənc yaş strukturu və yüksək doğum səviyyəsidir. "Pew Research Center"in məlumatına əsasən, 2020-2025-ci illər ərzində bir müsəlman qadına orta hesabla 3,1 uşaq düşüb, xristian qadınlar arasında isə bu göstərici 2,5 təşkil edib. Müqayisə üçün: digər dinlərə etiqad edən və ya özünü heç bir dinə aid etməyən qadınlar arasında orta göstərici 1,6 uşaqdır.

Bundan əlavə, 2020-ci ildə dünya müsəlman əhalisinin təxminən üçdə birini 15 yaşdan kiçik uşaqlar təşkil edib. Bu o deməkdir ki, icmanın əhəmiyyətli bir hissəsi yaxın onilliklərdə reproduktiv yaşa çatacaq və bu da təbii artımı daha da sürətləndirəcək.

Tədqiqatçılar vurğulayırlar ki, nisbətin dəyişməsində insanların bir dindən digərinə kütləvi keçidi deyil, məhz demoqrafik amillər əsas rol oynayır. Proqnoza görə, 2020-2070-ci illər ərzində doğum sayının ölüm sayını üstələməsi hesabına müsəlman əhalisi təxminən 1,6 milyard nəfər, xristian əhalisi isə 792 milyon nəfər artacaq.

Dini mənsubiyyət də dəyişəcək, lakin bu amil xeyli az təsir göstərəcək. "Pew"in hesablamalarına görə, dinlər arası keçidlər və dindən imtina nəticəsində islam xalis ifadədə təxminən 8 milyon, xristianlıq isə təxminən 105 milyon ardıcılını itirəcək. Bununla belə, xristianlığı qəbul edəcək müsəlmanların və islamı qəbul edəcək xristianların sayı demək olar ki, eyni olacaq.

QAZİLER.AZ