İndoneziyanın Yava adasında Semeru vulkanında azı iki püskürmə baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Milli Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi (PVMBG) məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, vulkanik külün hündürlüyü vulkanın zirvəsindən 700 metr (dəniz səviyyəsindən 4376 metr) yüksəkliyə çatıb. Ağ və boz rəngli kül buludları Semerudan cənub və qərb istiqamətlərinə yayılıb.
PVMBG-nin saytındakı məlumatlara əsasən, xəbərin dərc olunduğu vaxtda Semeru vulkanının püskürməsi davam edib və təhlükə səviyyəsi üçüncü dərəcə kimi qiymətləndirilir.
Seysmoloqlar közərmiş daşların atılması, lava və sel axınları, eləcə də isti vulkanik qaz buludlarının yaranması təhlükəsi səbəbindən ətraf ərazilərin sakinlərini və turistləri kraterə 5 kilometrdən çox yaxınlaşmamağa çağırıblar.
Qeyd edilib ki, Semeru İndoneziyanın ən aktiv vulkanlarından biridir və noyabrın əvvəlindən bəri demək olar ki, fasiləsiz püskürür. Belə ki, noyabrın 12-də bir sutka ərzində vulkanın azı altı dəfə püskürməsi qeydə alınıb və kül zirvədən bir kilometr (dəniz səviyyəsindən 4676 metr) hündürlüyə qalxıb.
QAZİLER.AZ

