Təl-Əvivdən Frankfurt-Mayn şəhərinə uçan təyyarə stüardessada baş verən anafilaktik şok səbəbindən Belqradda təcili eniş həyata keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə "PYOK" portalı məlumat yayıb.
Hadisə noyabrın 15-də "Lufthansa" aviaşirkətinin LH-687 nömrəli reysində, təyyarə Bosniya və Herseqovina üzərində təxminən 10,4 min metr hündürlükdə olarkən baş verib.
Şahidlərin sözlərinə görə, stüardessa güclü allergiyası olduğu küncüt tərkibli məhsulu təsadüfən yeyib. Bələdçi xanımda dərhal anafilaktik şok başlayıb. Həmkarları ona "EpiPen" vasitəsilə adrenalin vurmağa çalışsalar da, mövcud məlumata görə, preparat orqanizmə daxil olmayıb.
Təyyarənin göyərtəsində İsrailin Qalileya tibb mərkəzinin həkim-reanimatoloqu Uriel Traxtemberq olub. O, təyyarənin tibb çantasını əldə edərək adrenalin preparatını stüardessaya vurub.
Bundan sonra həkim qadının xəstəxanaya çatdırılması üçün ekipajdan mümkün qədər tez eniş etməyi xahiş edib. Təyyarə Belqradda təcili eniş edib və bələdçi həkimlərə təhvil verilib.
"Lufthansa" aviaşirkəti enişin ekipaj üzvünün səhhəti ilə bağlı olduğunu təsdiqləyib və gecikməyə görə sərnişinlərdən üzr istəyiblər.
QAZİLER.AZ

