ABŞ sakini Andrea Şmidt Timmons "Disney" personajı "Mikki Maus"un təsviri olan döymələrin sayına görə dünya rekordu qırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Guinness World Records" məlumat yayıb. Bildirilib ki, döymələr qadının qollarını, kürəyini və hətta üzünü əhatə edir. Bununla belə, o, dayanmaq fikrində deyil və artıq yeni döymələr üçün bədənində yerlər seçir.
Andrea 1967-ci ildə Almaniyada anadan olub, altı yaşında isə anası ilə birlikdə Amerikaya köçüb. O, “Mikki Maus”u ilk dəfə məhz orada televizorda görüb. Cizgi film personajı qızın o qədər xoşuna gəlib ki, onunla bağlı olan hər şeyi toplamağa başlayıb. İllər keçdikcə artıq evdə onlarla oyuncaq, afişa və digər suvenirlər toplanıb.
Andrea ilk döyməsini artıq yetkin yaşlarında etdirib. Bu, qırmızı şortikdə və sarı ayaqqabıda olan klassik Mikki təsviri olub. Sonradan rəsmlərin sayı artaraq 83-ə çatıb. Qadın sol qolunda personajın müxtəlif versiyalarını, o cümlədən 1928-ci ildə çəkilmiş "Paroxod Villi" cizgi filmindəki Mikkini toplayıb. Onun kürəyində “Walt Disney”in ilk eskizləri təsvir olunub.
Hazırda Şimali Karolinada yaşayan qadının üç övladı və altı nəvəsi var. Personaja olan uzunillik sevgisinə baxmayaraq, Andrea "Disneyland"də heç vaxt olmayıb.
QAZİLER.AZ

