Rusiyanın Vladivostok şəhərində 26 yaşlı tibb qardaşı İvan Qrineviç xəstəxana ərazisinə silahlı şəxsin daxil olmasından sonra pasiyentlərin və tibb heyətinin təxliyəsini təşkil edib.
Qaziler.az bildirir ki, bu barədə o, noyabrın 18-də "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
Hadisə noyabrın 16-na keçən gecə Qrineviçin sifariş etdiyi yeməyi gətirən kuryeri qarşılamaq üçün xəstəxananın həyətinə çıxdığı vaxt baş verib. O, kuryer əvəzinə sərxoş vəziyyətdə olan bir kişi ilə qarşılaşıb; həmin şəxs avtomobili ilə şlaqbauma yaxınlaşaraq tibb müəssisəsindən çıxışı bağlayıb və qəbul şöbəsinə doğru irəliləyib.
"Ondan nəyisə izah etməyə və ya hər hansı köməyə ehtiyacı olub-olmadığını soruşdum. Bundan sonra əlindəki tapançanı gördüm", — deyə tibb qardaşı bildirib.
Tibb işçisinin sözlərinə görə, o, silahı kənara çəkməyə çalışarkən naməlum şəxs tapançanı onun üzünə tuşlayaraq məsafə saxlamağı tələb edib. Fürsətdən istifadə edən Qrineviç qəbul şöbəsinə qaçaraq həmkarlarını təhlükə barədə xəbərdar edib və pasiyentləri binadan çıxarmağa başlayıb.
Tibb qardaşı həmçinin mühafizə xidmətinə də məlumat verib. Çox keçmədən hadisə yerinə gələn çevik reaksiya qrupunun və "Rosqvardiya"nın əməkdaşları silahlı şəxsi saxlayıblar.
QAZİLER.AZ

