Rumıniya Senatı ovçuluq haqqında qanuna edilən düzəlişləri dəstəkləyib. Düzəlişlərə əsasən, ayının qanunsuz ovlanmasına görə cərimənin 40 min avrodan 500 avroya endirilməsi təklif olunur.
Qaziler.az xəbər verir ki, bu barədə "Pro TV" telekanalı məlumat yayıb.
Yeni təklif heyvanın insana hücumu zamanı özünümüdafiə məqsədilə vurulduğu hallara da şamil ediləcək. Təşəbbüs təsdiqlənmək üçün Deputatlar Palatasına göndəriləcək. Qərar artıq Rumıniyanın bir sıra heyvanların müdafiəsi təşkilatlarının tənqidinə səbəb olub. Onlar bu qədər aşağı cərimənin brakonyerliyin artmasına təkan verəcəyindən ehtiyat edirlər.
Qeyd edilib ki, bu gün ölkədə rəsmi olaraq ildə 859 ayının ovlanmasına icazə verilir. İnsanlar üçün xüsusi təhlükə yaratdıqları təqdirdə isə daha 110 baş heyvan məhv edilə bilər. Qanuni ov üçün ovçular dövlətə hər heyvana görə 300 avrodan 700 avroya qədər təzminat ödəyirlər.
Son illər vəhşi heyvanların qida axtarışı zamanı yaşayış məntəqələrinə tez-tez enmələri kəskinləşib. Mütəxəssislərin hesablamalarına görə, hazırda Rumıniyada təxminən 12 min ayı yaşayır ki, bu da 4 min baş civarında olan optimal say həddini üç dəfə üstələyir.
QAZİLER.AZ

