Astanada məktəbli qız sinif yoldaşlarına bıçaqla hücum edib

Astanada məktəbli qız sinif yoldaşlarına bıçaqla hücum edib backend

Qazaxıstanın paytaxtı Astanadakı məktəblərdən birində 11-ci sinif şagirdi dərsə bıçaqla gələrək sinif yoldaşlarına hücum edib.

Qaziler.az bildirir ki, "Tengrinews.kz" saytının müxbirinin verdiyi məlumata görə, polis faktla bağlı araşdırmaya başlayıb.

Hadisə barədə redaksiyanın "Telegram" botuna oxuculardan biri məlumat verib. Məktəblilərdən birinin valideyni oğlunun həmin sinifdə oxuduğunu bildirib.

"Oğlum bu sinifdə oxuyur. Qız məktəbə bıçaqla gəlib və sinif yoldaşına hücum edib. Hər şey yaxşı qurtarıb, hazırda iclas keçirilir və oğlanın vəziyyəti yaxşıdır", — deyə oxucu yazıb.

Redaksiyanın sorğusuna cavab olaraq Astana Polis Departamentindən faktla bağlı araşdırma başladıldığı təsdiqlənib.

"Xəsarət alan iki məktəbli qıza tibbi yardım göstərilib, onların həyatı və sağlamlığı üçün təhlükə yoxdur. İnsidentdə iştirak edən yetkinlik yaşına çatmayan şəxs profilaktik qeydiyyata götürülüb və Psixi Sağlamlıq Mərkəzinin mütəxəssislərinə təhvil verilib", — deyə mətbuat xidmətindən bildirilib.

Məktəblinin qanuni nümayəndələri uşağın tərbiyəsi üzrə vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərinə görə məsuliyyətə cəlb ediliblər.

Bundan əlavə, hadisəyə səbəb olan amillərin və şəraitin aradan qaldırılması üçün Təhsil İdarəsinə və Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyaya təqdimat göndərilib.

"Həmçinin araşdırma çərçivəsində təhsil müəssisəsinin təhlükəsizliyinə cavabdeh olan mühafizə təşkilatının fəaliyyətinə də hüquqi qiymət veriləcək. Araşdırma davam edir", — deyə polisdən əlavə olunub.

QAZİLER.AZ