"Ulduz müharibələri. Epizod V: İmperiya cavab zərbəsi endirir" və "Ulduz müharibələri. Epizod VI: Cedayın qayıdışı" filmlərində Dart Veyderin istifadə etdiyi işıq qılıncı ABŞ-də keçirilən hərracda rekord məbləğə — 4,8 milyon dollara satılıb.
Qaziler.az bildirir ki, "People" jurnalının məlumatına görə, bu əfsanəvi rekvizit kinofranşizanın çəkiliş meydançasından indiyədək hərraca çıxarılan ən bahalı əşya olub.
Qeyd olunur ki, lotun ilkin satış qiyməti bir milyon dollar təşkil edib.
Qılıncdan kadrda Dart Veyder rolunun ifaçısı Devid Prouz və onun dublyoru Bob Anderson istifadə ediblər. Rekvizit, digər səhnələrlə yanaşı, "İmperiya cavab zərbəsi endirir" filmində Dart Veyderin Lyuk Skayuokerin əlini kəsdiyi və "Mən sənin atanam" məşhur ifadəsini işlətdiyi kult səhnədə də yer alır.
QAZİLER.AZ

