Yer kürəsinin aşağı orbitində baş verən bir nüvə partlayışı süni radiasiya qurşağı yaradaraq orada yerləşən demək olar ki, bütün peyk qruplaşmasını sıradan çıxara bilər. Hesablama ssenarilərindən birinə əsasən, bir həftə ərzində aparatların təxminən 98 faizi işləkliyini itirib.
Qaziler.az xəbər verir ki, Medisondakı Viskonsin Universiteti, Prinston Universiteti və onların həmkarlarının bu araşdırması "arXiv" preprint serverində yerləşdirilib və hələ elmi resenziyadan keçməyib.
Müəlliflər Cənubi Atlantika üzərində 500 kilometr hündürlükdə bir meqaton gücündə hipotetik partlayışı nəzərdən keçiriblər. Hesablamaya fəaliyyətdə olan təxminən 13,3 min alçaq orbitli peyk daxil edilib. Model radiasiya təsirini, aparatların sıradan çıxmasını, toqquşmaları və atmosferin yuxarı qatları tərəfindən yavaşlamanı bir-biri ilə əlaqələndirib.
Mərkəzi ssenaridə aparatların təxminən dörddə biri bir sutka ərzində, 78 faizi üç günə, 98 faizi isə bir həftəyə iş qabiliyyətini itirib. Modeldə qəbul edilən radiasiya davamlılığının üç dəfə artırılması belə kütləvi nasazlıqları yalnız bir neçə gün gecikdirib Təxminən iki həftə ərzində peyklərin 97 faizi sıradan çıxıb.
Alimlər vurğulayırlar ki, əldə edilən bu nəticələr kosmosdakı bütün partlayışlara aid edilə bilməz və yalnız konkret kompüter modelinin proqnozudur. Rəqəmlər seçilmiş partlayış gücündən və peyklərin müdafiə dərəcəsi ilə bağlı fərziyyələrdən asılıdır. Lakin bu iş sübut edir ki, nüvə partlayışının təsiri ilkin şüalanma bitdikdən sonra da xeyli müddət qalır.
QAZİLER.AZ

