ABŞ-də "Titanik"i uzunluğuna görə üstələyən "SS United States" transatlantik layneri qəsdən batırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Gəmi noyabrın 11-də Florida sahillərində, Meksika körfəzində batırılıb. Əməliyyat bir neçə saat davam edib. Gəminin bərabər şəkildə suya enməsi üçün gövdəsi tədricən su ilə doldurulub və yerli vaxtla saat 21:00 radələrində layner tamamilə suyun altına gedərək Destin yaxınlığında təxminən 55 metr dərinliyə oturub. Əməliyyat zamanı partlayıcı maddələrdən istifadə olunmayıb. Batırılmadan əvvəl gəmidən yanacaq, elektrik naqilləri və ekologiya üçün potensial təhlükə yarada biləcək digər materiallar çıxarılıb.
302 metr uzunluğunda olan layner "Titanik"dən 33 metr daha uzun olub. 13,5 milyon dollar dəyərində olan bu layihə gəmini dünyanın ən böyük süni sualtı rifinə çevirməyi hədəfləyir. Zamanla gəmi tunes, marlin və qılıncbalıq üçün yaşayış mühitinə çevrilə, həmçinin dalğıcları və balıq ovu həvəskarlarını cəlb edə bilər.
Qeyd edilib ki, "SS United States" 1952-ci ildə suya buraxılıb. Elə ilk transatlantik reysində sərnişin laynerləri arasında sürət rekordu müəyyənləşdirib və ümumilikdə Atlantik okeanını 800 dəfədən çox keçib. 1969-cu ildə gəmi istismardan çıxarılıb. 1996-cı ildən etibarən təxminən otuz il Filadelfiya limanında dayanıb və onu otelə və ya muzeyə çevirmək cəhdləri həddindən artıq baha başa gəlib. Nəticədə Florida rəsmiləri gəmini yeni formatda qoruyub saxlamaq qərarına gəliblər. Laynerin məşhur tüstü bacaları isə gələcək muzey üçün sökülərək götürülüb.
QAZİLER.AZ

