"Audi" şirkəti flaqman sedanı olan A8 modelinin istehsalını rəsmi olaraq dayandırıb. Modelin sonuncu nüsxəsi bu ilin oktyabrında Almaniyadakı zavodun konveyerindən çıxıb. Bununla da markanın ən çox tanınan avtomobillərindən birinin 32 illik tarixinə son qoyulub.
Qaziler.az xəbər verir ki, bu barədə "Auto, Motor und Sport" nəşri məlumat yayıb.
A8 modeli 1994-cü ildə debüt edib və "Space Frame" texnologiyası ilə hazırlanmış tam alüminium kuzova malik ilk seriyalı "Audi" avtomobili olub. 32 il ərzində model dörd nəsil dəyişib; hazırkı D5 nəsli 2017-ci ildən istehsal olunurdu və 2021-ci ildə yenilənmə keçirmişdi. Almaniyada bu sedan üçün fərdi sifarişlərin qəbulu hələ fevral ayında dayandırılmışdı, bundan sonra alıcılara yalnız dilerlərin anbar ehtiyatlarından seçim etmək qalırdı.
Modelin bazardan getməsinin əsas səbəbi tələbatın kəskin azalması olub. Əgər 2013-cü ildə ABŞ-də 6000-dən çox A8 satılmışdısa, 2025-ci ildə bu rəqəm cəmi 1406 avtomobil təşkil edib.
QAZİLER.AZ

