Rusiya və Ukrayna arasında ərazi mübadiləsi imkanları görünmür.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski "Rossiya 1" telekanalında yayımlanan "60 minut" proqramının efirində bildirib.
"Mən bu ərazilərin mübadiləsi üçün heç bir imkan görmürəm. Yenə də rəhbərimizin parlaq şəkildə ifadə etdiyi kimi: 'Rus əsgərinin ayağı hara dəyibsə, ora bizimdir'", — deyə Rusiya liderinin köməkçisi vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, mümkün ərazi mübadiləsi mövzusu vaxtaşırı olaraq müxtəlif tərəflərdən gündəmə gətirilir.
Xatırladaq ki, noyabrın 10-u və 11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar keçirilib. İki gün ərzində tərəflər Ukraynanın təhlükəsizlik təminatlarını, ərazi məsələlərini və yeni təhlükəsizlik arxitekturasının qurulmasını müzakirə ediblər. Medinski mətbuatla ünsiyyət zamanı yekun razılaşmalar əldə olunana qədər danışıqların konkret detallarını açıqlamaqdan imtina edib.
QAZİLER.AZ

