Serbiyada keçmiş iqtisadiyyat naziri Rade Basta "Belqrad elektrik stansiyaları" kommunal müəssisəsinə on milyonlarla dinar məbləğində ziyan vurmaq şübhəsi ilə saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə Serbiyanın "Tanjug" informasiya agentliyi və RTS dövlət telekanalı məlumat yayıb.
Basta səhər saatlarında Belqradın Nikola Tesla adına hava limanında Belqrad Ali Prokurorluğunun göstərişi ilə saxlanılıb. İstintaqın versiyasına görə, o, müəssisəyə rəhbərlik etdiyi dövrdə müxtəlif idman təşkilatlarına, o cümlədən kiçik futbol və basketbol klublarına, həmçinin atçılıq klubuna əsassız ianələrin verilməsini təsdiqləyib.
Əməliyyat Korrupsiyaya Qarşı Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. RTS-in məlumatına görə, hüquq-mühafizə orqanları həmçinin Basta ilə əlaqəsi olduğu güman edilən bir neçə digər şəxsi də saxlayıb və axtarışlar aparıb.
"Belqrad elektrik stansiyaları" Serbiyanın paytaxtına məxsus olan və şəhərin mərkəzləşdirilmiş istilik sisteminin fəaliyyətini təmin edən kommunal müəssisədir.
Qeyd edilib ki, Basta 2022-ci ilin oktyabrından 2023-cü ilə qədər Serbiyanın iqtisadiyyat naziri vəzifəsini tutub. O, hökuməti Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində təcili mövqe bildirməyə çağırdıqdan sonra vəzifəsindən məhrum edilib. Sonradan o, "Avropa yolu" hərəkatını təsis edib.
QAZİLER.AZ

