Ukrayna ilə Cənubi Koreya arasında münasibətlər Şimali Koreya əsirlərinin təhvil verilməsi ilə bağlı yaranan diplomatik qalmaqaldan sonra yenidən normallaşmağa başlayıb. İki ölkənin xarici işlər nazirləri G7 sammiti çərçivəsində səmimi müzakirələr aparıblar.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ilə görüşünü “yaxşı” qiymətləndirib və münasibətlərin bərpası istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, indi tərəfləri ikitərəfli münasibətlərin tam normallaşdırılması üçün bir sıra addımlar gözləyir.
"Biz Cənubi Koreya ilə yüksək səviyyədə son dərəcə dinamik ikitərəfli münasibətlərə layiqik", — deyə Sibiqa vurğulayıb.
Xatırladaq ki, mübahisə sentyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı zamanı Ukraynanın Şimali Koreyadan olan iki əsir hərbçini Cənubi Koreyaya təhvil verdiyini açıqlamasından sonra başlayıb. Onlar 2025-ci ildə Kursk vilayətində gedən döyüşlər zamanı əsir götürülüblər.
Seul Kiyevi məxfiliyin qorunması ilə bağlı razılaşmanı pozmaqda ittiham edib. Ukrayna tərəfi isə belə bir razılaşmanın mövcud olduğunu təkzib edib.
Cənubi Koreya Ukraynadan üzr istəməyi tələb edib və oktyabrın 8-də Kiyevdəki səfirini geri çağırıb. Oktyabrın 27-də isə mübahisənin həlli istiqamətində Kiyevin heç bir addım atmadığını əsas gətirərək səfirliyin daha səkkiz əməkdaşını geri çağırıb.
QAZİLER.AZ

