San-Dieqoda ənənəvi “Halloween” - şirniyyat toplama bayramı zamanı yaşları bir ilə altı arasında olan 15 uşağa tərkibində psilosibin (bəzi göbələk növlərində təbii şəkildə mövcud olan, insan beyninə və şüuruna təsir göstərən psixoaktiv maddə) olan marmeladlar verilib.
Qaziler.az xəbər verir ki, bu barədə şəhər polisinə istinadən "NBC San Diego" telekanalı məlumat yayıb.
Hadisə oktyabrın 31-i saat 18:00 radələrində Okean Çimərliyi (Ocean Beach) rayonunda baş verib. Marmelad paketləri evlərdən birinin eyvanında qoyulubmuş. Onları götürən uşaqların valideynləri şübhələnərək qablaşdırmanı nəzərdən keçirib və polisə müraciət ediblər. Ekspertizaya göndərilən bir paketdə hallüsinogen maddənin olduğu təsdiqlənib.
"Mənim iki yaşlı oğlum paketlərdən birini götürmüşdü. Mən paketi onun əlindən alanda ön tərəfində yazılmış dozalanmanı gördüm", — deyə valideynlərdən biri telekanala bildirib.
Onun sözlərinə görə, paketin arxa tərəfində "psilosibin göbələkləri" sözləri yazılıbmış.
Polis uşaqların bu marmeladlardan dadıb-dadmadığı və onlarda ürəkbulanma, yaxud qusma kimi əks-təsirlərin yaranıb-yaranmadığı barədə məlumat verməyib. Noyabrın 4-də polislər narkotik marmeladların qoyulduğu Sunset-Kliffs bulvarındakı evdə axtarış aparıblar. Orada eyni şirniyyatlarla yanaşı, təxminən 1,1 kq marixuana, 25 qramdan çox kristal metamfetamin, tərəzi, qablaşdırma materialları və narkotik satışı qeydləri aşkar edilib.
Bundan əlavə, evdən qanunsuz saxlanılan tüfəng, onlarla patron və yarımçıq yığılmış tapança müsadirə olunub. Hadisə ilə bağlı əvvəllər məhkumluğu olan iki kişi — 80 yaşlı Maykl Qoff və 45 yaşlı Şon Maykl Foster saxlanılıb. Onlar silah və sursatların qanunsuz saxlanmasında şübhəli biliniblər.
Hər iki şəxs hazırda San-Dieqo dairə həbsxanasındadırlar və hakimin qərarı ilə 50 min dollar girov müqabilində sərbəst buraxıla bilərlər.
QAZİLER.AZ

