Ukraynada maaş və pensiyaları Norveç maliyyələşdirəcək

Ukraynada maaş və pensiyaları Norveç maliyyələşdirəcək backend

Norveç Dünya Bankı vasitəsilə Ukraynaya maaş, pensiya və müavinətlərin ödənilməsi üçün 500 milyon Norveç kronu (təxminən 49 milyon dollar) ayıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti öz rəsmi saytında məlumat yayıb.

Vəsaitlər 2027-ci ilin əvvəlinə qədər mühüm dövlət xidmətlərinin göstərilməsi və mülki sektorda ödənişlərin edilməsi üçün Ukraynanın dövlət büdcəsinə yönəldiləcək. Bildirilib ki, maliyyə yardımı Dünya Bankının çoxtərəfli donor fondu vasitəsilə təqdim olunacaq və bu fond səhiyyə, təhsil, həmçinin təcili yardım xidmətlərində sənədlərlə təsdiqlənmiş xərcləri kompensasiya edir.

"Ukraynanın davamlılığı həm də gündəlik həyatın normal axarında davam etməsindən asılıdır. Norveç uşaqların məktəbə getməsinə, xəstəxanaların pasiyentləri müalicə etməsinə və təqaüdçülərin pensiya almasına kömək edir", - deyə xarici işlər naziri Espen Bart Eyde vəd edilən yardımı şərh edərkən bildirib.

Hökumətdən qeyd ediblər ki, hərbi əməliyyatlar Ukrayna iqtisadiyyatına böyük təzyiq yaradır: xərclər artır, hücumlar isə iqtisadi fəallığı və vergi daxilolmalarını azaldır. Eyde vurğulayıb ki, bu dəstək Kiyevin Moskva ilə danışıqlarda daha güclü mövqe tutmasına kömək etməlidir.

QAZİLER.AZ