Peruda çorablara gizlədilmiş 3 mindən çox tarantula aşkarlanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Perunun Xorxe Çaves Beynəlxalq Hava Limanında sərnişinlərin çoraplarınDa gizlədilmiş 3 mindən çox tarantula aşkarlanıb. Nadir növlər də daxil olmaqla, bu hörümçəkləri ölkədən qaçaq yolla çıxarmağa çalışan üç nəfər saxlanılıb.
Peru Milli Meşə və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, Almaniya və Polşa vətəndaşı olan şübhəlilər ölkəni tərk etməyə hazırlaşarkən daxil olan məlumat əsasında saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, Junin, Loreto və Kusko kimi müxtəlif bölgələrdən toplanan tarantulalar kolleksiyaçılara və ya ekzotik heyvan bazarına satılmaq məqsədilə çorapların içərisinə yerləşdirilib.
Xatırladaq ki, tarantula — Theraphosidae fəsiləsinə aid olan, böyük ölçülü və tüklü quruluşa malik hörümçək növüdür.
İnsan əli boyda ola bilən, bədəni və ayaqları sıx tüklərlə örtülü yırtıcılardır.
Əsasən tropik, subtropikal və quraq iqlim qurşaqlarında, yer altında qazdıqları yuvalarda yaşayırlar. Yerdən yüksəkdə mürəkkəb torlar qurmurlar.
Əsasən həşəratlarla, eləcə də qurbağa, kərtənkələ, siçan və kiçik quşlarla qidalanırlar. Ovlarını iflic edib həzm mayesi ilə əridərək qəbul edirlər.
Bütün tarantulalar zəhərlidir, lakin əksər növlərin zəhəri insanlar üçün ölümcül deyil; dişləməsi adətən arı sancmasına bənzər yüngül ağrı və şişkinlik yaradır.
QAZİLER.AZ

