Qonşu ölkədə kuryerlərin səkilərdə hərəkəti qadağan ediləcək

Qonşu ölkədə kuryerlərin səkilərdə hərəkəti qadağan ediləcək backend

Yol Hərəkəti Qaydalarına (YHQ) kuryerlərin səkilərə çıxmasını qadağan edən düzəliş ediləcək.

Qaziler.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti Rusiya Nəqliyyat Nazirliyinin layihəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, cari ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin həm bu quruma, həm də Daxili İşlər Nazirliyinə (DİN) sifarişləri elektrikli velosipedlərlə çatdıran kuryerlərin səkilərdə hərəkətinin qadağan edilməsi məsələsinə baxmağı tapşırıb. Bundan əvvəl, ötən ilin dekabrında İnsan Hüquqları Şurasının iclası zamanı da bu məsələ qaldırılmışdı. Həmin vaxt dövlət başçısı Rusiya vətəndaşlarının kuryerlərin yaşayış məntəqələrində hərəkət formalarından şikayətləndiyini diqqətə çatdırmışdı.

Nəqliyyat Nazirliyi Putinin tapşırığına əsasən bu qadağanı düzəlişlər layihəsinə daxil edib. Qurumdan dəqiqləşdiriblər ki, kuryerlər təkcə elektrikli skuterlərdən deyil, həm də toqquşma anında piyadaların ciddi xəsarət almasına səbəb ola biləcək güclü mopedlərdən istifadə edirlər.

Sözügedən sənəd üzərində iş üç il çəkib və dəyişikliklərlə bağlı müzakirələr müxtəlif platformalarda dəfələrlə aparılıb. Qeyd olunub ki, yaxın vaxtlarda Nəqliyyat Nazirliyi sənədin yekun versiyasını ictimai müzakirəyə təqdim edəcək.

QAZİLER.AZ