Qazaxıstanda çevriliş cəhdindən sonra Tokayevdən sərt xəbərdarlıq

Qazaxıstanda çevriliş cəhdindən sonra Tokayevdən sərt xəbərdarlıq backend

Qazaxıstana zərər vurmağa çalışan şəxslər qanun qarşısında məsuliyyətə cəlb olunacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Temirtau şəhərində "Qarmet" şirkətinin kollektivi və həmkarlar ittifaqının üzvləri ilə görüşü zamanı bəyan edib.

"Xalqın maraqları naminə islahatları uğurla davam etdirmək üçün bizə ölkə daxilində sülh və sabitlik lazımdır. Ölkəmizə bədbəxtlik arzulayan və öz əməlləri ilə Qazaxıstana zərər vurmağa çalışan hər kəs qanun və qayda prinsipinə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir və ediləcəkdir", - Prezident bildirib.

Tokayev əlavə edib ki, Qazaxıstan dinlərarası və millətlərarası razılıq siyasətinə, eləcə də "müxtəliflikdə birlik" prinsipinə sadiq qalmaqdadır.

Qeyd edək ki, noyabrın 2-də Qazaxıstanın qərbində dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Atırau şəhərində ümumilikdə 10 nəfər saxlanılıb. İstintaqın versiyasına görə, onlar ölkənin qərb regionunda konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişməyi planlaşdırıblar. Saxlanılan şəxslər ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirakda, həmçinin terrorizmin təbliğində və dini nifrətin qızışdırılmasında şübhəli bilinirlər.

QAZİLER.AZ