Avropa səmalarında bomba həyəcanı səbəbindən gərgin anlar yaşanıb.
Qaziler.az bildirir ki, Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan "Wizz Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi, gələn bomba xəbərdarlığından sonra marşrutunu dəyişərək Macarıstana yönəlib. NATO-nun təcili xəbərdarlığından sonra Macarıstana məxsus "Gripen" qırıcı təyyarəsi havaya qaldırılıb.
Böyük Britaniyanın paytaxtı Londondan Sofiya istiqamətinə hərəkət edən sərnişin təyyarəsi uçuş zamanı daxil olan bomba ihbarı səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Macarıstanın hava məkanında dərhal fövqəladə vəziyyət prosedurları işə düşüb və sərnişin təyyarəsinin təhlükəsiz enişini təmin etmək üçün hərbi qırıcı cəlb olunub.
Macarıstanın "Infostart" nəşrinin yaydığı məlumata görə, "Wizz Air" təyyarəsi uçuşu yarıda kəsərək Budapeştin Ferens List adına Beynəlxalq Hava Limanına eniş icazəsi istəyib. İhbarın ardınca NATO-nun hava hücumundan müdafiə sistemi çərçivəsində "ALPHA" həyəcan siqnalı verilib.
Macarıstan Silahlı Qüvvələrinə məxsus "Gripen" qırıcısı bir neçə dəqiqə ərzində havaya qalxaraq sərnişin təyyarəsini müşayiət etməyə başlayıb. Macarıstanın müdafiə naziri Romulus Rusin-Szendinin bəyanatına görə, qırıcının müşayiəti ilə sərnişin təyyarəsi Budapeştə təhlükəsiz eniş edib. Əməliyyat başa çatdıqdan sonra "Gripen" qırıcısı Keçkemet aviabazasına geri dönüb.
"Reuters" agentliyinin Macarıstanın "24.hu" xəbər saytına istinadən verdiyi məlumata görə, "Wizz Air" şirkəti təyyarədə və sərnişinlər arasında təhlükəsizlik yoxlamalarına başlanıldığını elan edib. Enişdən sonra təhlükəsizlik tədbirlərini polis qüvvələri təhvil alıb.
Bomba xəbərdarlığının mənbəyi və təyyarədə hər hansı partlayıcı maddənin aşkarlanıb-aşkarlanmadığı barədə hələlik rəsmi məlumat paylaşılmayıb.
QAZİLER.AZ

