Qətərli vasitəçilər noyabrın 1-də ABŞ və İran arasında müharibənin dayandırılmasına dair danışıqların növbəti raundunu başa vurublar. Hazırda yeni sülh təklifi layihəsi yayılır, tərəflərin növbəti görüşü də istisna olunmur.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Danışıqların gedişatı ilə tanış olan rəsminin bildirdiyinə görə, İran nümayəndələri bazar günü Dohanı tərk ediblər. Lakin onların gedişi müzakirələr zamanı yarana biləcək hər hansı problemlə bağlı olmayıb.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai bildirib ki, Tehranın hələ sentyabr ayında hazırladığı yeddi addımdan ibarət plan danışıqlar prosesinin əsasını təşkil edir. Sənəd Hörmüz boğazında gəmiçiliyin bərpasını və ABŞ tərəfindən İrana qarşı tətbiq edilən dəniz blokadasının dayandırılmasını nəzərdə tutur.
İran tərəfi gələcək saziş çərçivəsində bu planın daha qısa müddətdə icra olunmasını təklif edir.
Baqai həmçinin İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin Dohada olduğunu diqqətə çatdırıb. O, qətərli vasitəçilər vasitəsilə Vaşinqtonla mesaj mübadiləsinin aparılmasına köməklik göstərməli idi.
XİN nümayəndəsi vurğulayıb ki, ABŞ dəniz blokadasını dayandırmayanadək Tehran yekun razılaşmaya imza atmayacaq.
QAZİLER.AZ

