Polşa Prezidenti Karol Navrotski bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalının zor gücünə ələ keçirildiyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, mitinq iştirakçıları qarşısında çıxışı zamanı bildirib.
“Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir”, – deyə o, bildirib.
Navrotski hüquq qaydasının bərpa olunmasına çağırıb və güc strukturlarının əməkdaşlarından Konstitusiya Tribunalının ərazisini tərk etmələrini tələb edib.
Qeyd edək ki, bundan əvvəl Polşanın müxalifət partiyalarının nümayəndələri Baş nazir Donald Tuskun hökumətinin ölkənin Konstitusiya Məhkəməsi ilə bağlı hərəkətlərini kəskin tənqid edərək, baş verənləri dövlət çevrilişinə cəhd və məhkəmə orqanı üzərində nəzarətin zor gücünə ələ keçirilməsi cəhdi adlandırıblar.
“Rzeczpospolita” nəşrinin məlumatına görə, oktyabrın 30-da axşam saatlarında Konstitusiya Məhkəməsinin rəsmi saytında hakim Anna Korvin-Petrovskayanın məhkəmənin hazırkı sədri Boqdan Svençkovski və onun müavini Bartlomey Sohaniskinin bir aylıq məcburi məzuniyyətə göndərilməsi barədə bəyanatı dərc olunub.

