Almaniyanın Köln-Bonn hava limanının gömrük əməkdaşları iripartiyalı qaçaqmalçılıq hadisəsinin qarşısını alıblar.
Qaziler.az bildirir ki, "People" nəşrlərinin yaydığı məlumata görə, bir sərnişin ölkəyə içi zəhərli ilan və kərtənkələlərlə dolu çamadan keçirməyə cəhd edib.
Mexikodan İstanbul vasitəsilə uçub gələn 45 yaşlı Meksika vətəndaşı (peşəcə yanğınsöndürən) bəyanat vermədən "yaşıl dəhliz"dən keçmək istəyərkən gömrükçülərin diqqətini çəkib. Şübhəli şəxs əvvəlcə tibbi müayinəyə göndərilib və onun orqanizmində kokain aşkar edilib. Daha sonra onun baqajına baxış keçirilib. Çamadanda narkotik tapılmasa da, qida konteynerlərinə, şampun şüşələrinə və corabların içinə gizlədilmiş 37 zəhərli ilan və 55 kərtənkələ aşkarlanıb.
Dözülməz şəraitdə və havasız daşındığı üçün sürünənlərin bir hissəsi elə hadisə yerindəcə tələf olub. Sağ qalan heyvanlar təcili olaraq ixtisaslaşdırılmış fermaya təhvil verilib. Köln gömrüyünün rəsmisi Yens Aland bildirib ki, onların təcrübəsində ilk dəfədir bu qədər canlı zəhərli ilan eyni vaxtda ələ keçirilir.
Saxlanılan şəxs heyvanları Braziliyadakı bir tanışının xahişi ilə daşıdığını iddia edib. Almaniya rəsmiləri onun ölkəyə girişinə qadağa qoyaraq, gəldiyi reyslə geri — İstanbula göndəriblər.
QAZİLER.AZ

