Nyu-Cersi ştatında tərkibində mikroplastik ola biləcəyi ehtimalı ilə saqqız satışının qadağan edilməsi təklif olunub.
Qaziler.az xəbər verir ki, bu barədə "Independent" nəşri yazır.
"Mikroplastikdən Müdafiə Qanunu" adlanan təşəbbüs mikroskopik hissəciklərin insanlara təsirini azaltmağı hədəfləyir. Qanun layihəsi şirkətlərə saqqız, çay paketləri, üyüdülmüş qəhvə və heyvan yemləri kimi məhsullarda mikroplastikin olub-olmadığını göstərməyi məcbur edəcək. Burada mikroplastik dedikdə ölçüsü beş millimetrə qədər olan sintetik hissəciklər nəzərdə tutulur.
Qanun layihəsi hazırda baxılma mərhələsindədir və qadağa yalnız bir neçə ildən sonra qüvvəyə minə bilər. İstehsalçıların tələbləri yerinə yetirmək üçün üç il vaxtı olacaq. Onlar ilk növbədə etiketlərdə mikroplastikin mövcudluğunu qeyd etməli, daha sonra isə daha nəzərəçarpan xəbərdarlıqlar yerləşdirməlidirlər. Üçüncü ilə qədər isə tərkibində qadağan olunmuş materiallar olan malların ştatda satışı tamamilə qadağan ediləcək.
Bəzi saqqız növlərinin tərkibində sintetik polimerlər var. Araşdırmalar göstərir ki, çeynəmə zamanı mikroplastik tüpürcəyə qarışa və udula bilər.
Qanun layihəsi təsdiqlənəcəyi təqdirdə araşdırmalar və nəzarət üçün 3 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.
QAZİLER.AZ

