İspaniyada qatar qəzasından sonra tətil: Maşinistlər işi dayandırdı

İspaniyada qatar qəzasından sonra tətil: Maşinistlər işi dayandırdı backend

İspaniyanın Kataloniya bölgəsində "Renfe" şirkətinin qatar maşinistlərinin tətili başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "20minutos" qəzeti yazır. Bildirilib ki, hərəkət tamamilə dayanmasa da, qatarların sayı kəskin şəkildə azalıb.

Səhər pik saatlarında (06:00-dan 09:30-dək) "Rodalies" xətlərində və regional marşrutlarda hər üç qatardan ikisi, yəni adi qatar sayının 66%-i hərəkət edib. Günorta saatlarında bu göstərici 33%-ə qədər azalacaq, axşam isə (17:00-dan 20:30-dək) yenidən səhər səviyyəsinə qayıdacaq. Sürətli və uzaq məsafəli marşrutlarda bu gün qatarların 73%-i, yük daşımalarında isə cəmi 26%-i fəaliyyət göstərəcək.

Nəşr "Rodalies" xəttinin direktoru Oskar Playanın bu sözlərini sitat gətirib: "Çətin bir gün olacaq".

O, sərnişinlərə cədvəli yoxlamağı və qatarlara alternativ nəqliyyat vasitələri tapmağı tövsiyə edib. Bununla belə, Playa Kataloniya dəmir yolu şəbəkəsinin "tamamilə təhlükəsiz" olduğuna dair zəmanət verib.

Maşinistlərin "Semaf" həmkarlar ittifaqı Toledoda baş vermiş dəmir yolu qəzasından sonra tətil elan edib. Qurum təhlükəsizlik sahəsində "struktur dəyişiklikləri", əlverişsiz hava şəraiti və digər riskli vəziyyətlər üçün daha dəqiq protokolların hazırlanmasını tələb edib.

"Renfe" şirkəti isə tətili "əsassız" hesab edir və iddia edir ki, həmkarlar ittifaqının tələblərinin bir hissəsi onun imkanları və səlahiyyətləri xaricindədir.

Xatırladaq ki, İspaniyada dəmir yolundakı qəza oktyabrın 28-i səhər saatlarında baş verib. Belə ki, "Renfe" şirkətinə məxsus ekspres qatarı Madriddən Sevilyaya hərəkət edərkən Toledo yaxınlığında "Iryo" şirkətinin relslər üzerinde dayanan qatarına çırpılıb. Bir neçə vaqon relsdən çıxaraq yamacdan aşağı aşıb. Hər iki qatarda ümumilikdə 540-a yaxın sərnişin olub. İspaniyanın nəqliyyat nazirinin sözlərinə görə, hadisəyə qatarların hərəkətini tənzimləyən kompüter sistemindəki nasazlıq səbəb olub.

QAZİLER.AZ