Kamçatkada yerləşən Şiveluç vulkanı oktyabrın 29-u gündüz saatlarında kül püskürüb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumatda bildirilib ki, seysmik məlumatlara görə, Şiveluç vulkanında dəniz səviyyəsindən təxminən 10 500 metr hündürlüyə kül püskürməsi baş verib.
Şiveluç vulkanı bundan əvvəl, oktyabrın 5-də təxminən altı min metr hündürlüyə kül püskürmüşdü.
Bundan bir müddət əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə baş idarəsi regionda 10 zəlzələnin baş verdiyini bəyan etmişdi. Qurum qeyd etmişdi ki, zəlzələlərdən birinin gücü 2 bala qədər olub və Petropavlovsk-Kamçatskinin bəzi rayonlarında hiss edilib. Lakin sunami təhlükəsi elan olunmamış və kül püskürməsi qeydə alınmamışdı.
Qeyd edək ki, Şiveluç Kamçatkanın ən şimalda yerləşən aktiv vulkanıdır. O, təxminən 5 min nəfər əhalisi olan Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbəsindən 45 km məsafədə yerləşir. Vulkanın yaşının 60–70 min il olduğu təxmin edilir.
QAZİLER.AZ

