Braziliyada bədbəxt hadisə: Tanışının dəfninə gedən şəxs atasının qəbrinə yıxılaraq ölüb

Braziliyada bədbəxt hadisə: Tanışının dəfninə gedən şəxs atasının qəbrinə yıxılaraq ölüb backend

Braziliyada tanışının dəfn mərasiminə qatılan 48 yaşlı kişi faciəvi şəkildə dünyasını dəyişib.

Qaziler.az bildirir ki, "Zakon.kz" portalının məlumatına görə, o, altındakı beton plitənin qəfildən çökməsi nəticəsində öz atasının qəbrinin içinə yıxılıb.

Vida mərasimindən sonra o, atasının məzarını ziyarət etmək qərarına gəlib və qəbrin kənarındakı beton plitənin üzərində əyləşib. Lakin tikili onun çəkisinə dözməyərək uçub.

Qəbiristanlığın nəzarətçisi Nazare Bravinin sözlərinə görə, Adilson faciədən əvvəl ətrafdakılarla salamlaşıb, dostunun dəfn olunduğu yeri dəqiqləşdirib, motosikletini və kaskasını kənarda qoyaraq ailə məzarlığına tərəf yollanıb.

"Yaxınlıqda olan şahidlər qəfildən güclü bir səs eşidiblər və dərhal təcili tibbi yardım briqadasını çağırıblar. Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları da cəlb olunub. Lakin zərərçəkmişi xilas etmək mümkün olmayıb – həkimlər onun hadisə yerindəcə keçindiyini təsdiqləyiblər", — deyə məlumatda bildirilir.

Şəhər rəhbərliyi həlak olan şəxsin ailəsinə başsağlığı verib və sakinləri qəbiristanlıqları ziyarət edərkən son dərəcə diqqətli olmağa çağırıb.

Bələdiyyə administrasiyasından həmçinin dəqiqləşdiriblər ki, şəhər xidmətləri yalnız ümumi ərazilərin təmizliyindən məsuldur, baş daşlarına və məzarlıq konstruksiyalarına qulluq edilməsi isə birbaşa vəfat edənlərin yaxınlarının öhdəliyinə düşür.