Şərq təbabəti can aldı: Cənubi Koreyada dəhşətli həkim səhvi...

Şərq təbabəti can aldı: Cənubi Koreyada dəhşətli həkim səhvi... backend

Cənubi Koreyada 92 yaşlı pasiyentin bel ağrıları səbəbindən keçirdiyi iynəbatırma seansından sonra vəfat etməsinə görə ənənəvi Koreya təbabəti həkimi 20 milyon von (təxminən 15 min dollar) məbləğində cərimələnib.

Qaziler.az xəbər verir ki, bu barədə "The Korea Herald" qəzeti Tecon dairə məhkəməsinin qərarına istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, 14 avqust 2022-ci ildə həkim pasiyentin döş qəfəsi nahiyəsinə üç iynə daxil edib. İynələrdən biri ürək əzələsini zədələyərək perikardda (ürəyi əhatə edən xarici qişa) kiçik yırtıq əmələ gətirib.

Prosedurdan sonra yaşlı kişi döş qəfəsində ağrı və nəfəs darlığından şikayətlənsə də, istintaq müəyyən edib ki, həkim təxminən 15 dəqiqə ərzində ona lazımi kömək göstərməyib. Pasiyent huşunu itirib və elə həmin gün, prosedurun başlanmasından təxminən iki saat yarım sonra vəfat edib.

Prokurorluq həmçinin qeyd edib ki, həkim pasiyentin nəbzini yoxlamayıb və onu döş qəfəsi nahiyəsində iynəbatırmanın riskləri barədə xəbərdar etməyib. Məhkəmə hadisənin ağırlığını nəzərə alsa da, həkimin təqsirini boynuna alması və zərərçəkmiş tərəfin ailəsi ilə razılığa gəlməsi səbəbindən cəzanı yüngülləşdirib.

Tibb ədəbiyyatında bu prosedurdan sonra nadir, lakin təhlükəli fəsadların yarana biləcəyi qeyd olunub. Tədqiqatçılar bunu ilk növbədə iynənin daxil edilmə dərinliyi, bucağı və istiqamətinin səhv seçilməsi ilə əlaqələndirirlər, çünki döş qəfəsində daxili orqanlar və iri damarlar səthə olduqca yaxın yerləşir.

İynə ürəyi zədələyə və ya perikarda qan sızmasına səbəb ola bilər. Əgər qan bu qişaya yığılaraq ürəyi sıxarsa, həyat üçün təhlükəli olan tamponada vəziyyəti inkişaf edir.

Həkimlər vurğulayırlar ki, döş qəfəsi ilə işləyərkən anatomiya biliyi və düzgün texnika xüsusilə vacibdir.

QAZİLER.AZ