Liviya səması 11 ildən sonra açıldı

Liviya səması 11 ildən sonra açıldı backend

Liviya Nəqliyyat Nazirliyi ölkənin hava məkanında beynəlxalq uçuş məhdudiyyətlərinin ləğv edildiyini elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb. Sözügedən məhdudiyyətlər 2015-ci ildə Liviyada münaqişənin başlamasından sonra tətbiq olunmuşdu.

Nəqliyyat Nazirliyi bildirib ki, bu qərar oktyabrın 23-də Dohada Yaxın Şərq ölkələrinin mülki aviasiya rəhbərliyinin görüşündə qəbul edilib. Tədbirdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibi Xuan Karlos Salasar məhdudlaşdırıcı tədbirlərin ləğv olunduğunu elan edib.

Liviyanın nəqliyyat naziri Məhəmməd Şahubi qadağanın ləğvini ölkənin qərb hissəsinə nəzarət edən Milli Razılıq Hökuməti ilə beynəlxalq təşkilatlar arasındakı əlaqəli fəaliyyətin, həmçinin təhlükəsizlik standartlarının yüksəldilməsinin nəticəsi adlandırıb. O qeyd edib ki, bu qərar hava hərəkətinin intensivləşməsinə, nəqliyyatın inkişafının stimullaşdırılmasına və milli gəlirlərin artmasına təkan verəcək, eləcə də iqtisadiyyat, turizm və investisiya fəaliyyətinə mühüm təsir göstərəcək.

Məhdudiyyətlərin aradan qaldırılması Liviya mülki aviasiyası üçün vacib bir addımdır, lakin beynəlxalq aviaşirkətlər bu ölkəyə reyslər reallaşdırıb-reallaşdırmayacaqlarına təhlükəsizlik şərtlərini və tələb olunan icazələri nəzərə alaraq özləri müstəqil qərar verəcəklər.

QAZİLER.AZ