Səudiyyə Ərəbistanı və Sinqapur Səudiyyə neftini yeraltı çənlərdə saxlamaq üçün birgə müəssisə yaratmaq niyyətində olduqlarını açıqlayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Asharq Al-Awsat" nəşrinə istinadən məlumat yayıb.
"Səudiyyə Ərəbistanı və Sinqapur Səudiyyə neftinin Curonq yeraltı çənlərdə saxlanması üçün birgə mexanizm yaratmaq niyyətində olduqlarını bəyan edirlər", — deyə Sinqapurun energetika, ticarət və sənaye naziri Tan Si Lenq Sinqapur Beynəlxalq Enerji Həftəsində (Singapore International Energy Week) bildirib.
Nəşr qeyd edir ki, bu razılaşma Səudiyyə neftinin Cənub-Şərqi Asiyaya tədarük zəncirinin dayanıqlılığını artırır. Eyni zamanda, tədarükdə fasilələr yarana biləcəyi təqdirdə Sinqapurun enerji təhlükəsizliyinin və sabitliyinin möhkəmlənməsinə töhfə verir.
Qeyd edilib ki, Curonq adasındakı yeraltı çənlər 150 metr dərinlikdə yerləşir. Onlar neft və qaz kondensatı kimi təxminən 9 milyon barel maye karbohidrogen qəbul etmək gücünə malikdir.
QAZİLER.AZ

