Polşada deputatın taxdığı eynək qalmaqala səbəb oldu - FOTO 

Polşada deputatın taxdığı eynək qalmaqala səbəb oldu - FOTO  backend

Polşa parlamenti (Seym) deputatı Yaroslav Soxayko parlament iclasına "ağıllı eynək" ilə gəldiyi üçün gizli məlumatların Çin Xalq Respublikasının xüsusi xidmət orqanlarına sızması riski yaratmaqda ittiham olunub.

Qaziler.az xəbər verir ki, bu barədə "Fakt" nəşri yazır.

Soxayko Seymin iclasına "Even Realities G2" eynəyi və "R1 Smart Ring" ağıllı üzüyü ilə gəlib. Bu cihazlar birlikdə gizli suflyor (mətn oxuma qurğusu) kimi işləyir. Belə ki, mətn gözün qarşısına proyeksiya olunur, üzük isə barmağın hərəkəti ilə mətni sürüşdürməyə imkan verir.

"Spider's Web"in məlumatına görə, eynəyin qiyməti təxminən 3,3 min zlotı (təxminən 900 dollar), üzüyün qiyməti isə təxminən 1,2 min zlotı (təxminən 330 dollar) təşkil edir.

Metakognita texnologiya bloqunun müəllifi millət vəkilinin cihazlarına ilk diqqət çəkən şəxs olub. Daha sonra "Vətəndaş Koalisiyası"ndan olan deputat Vitold Zembatşinski "X" sosial şəbəkəsində eynəyin şüşələrindəki yaşıl parıltıya işarə edərək paylaşım edib.

Bundan sonra Polşa mediasında deputatın istifadə etdiyi cihazların məlumatları Çin xüsusi xidmət orqanlarına ötürə biləcəyi barədə materiallar dərc olunmağa başlayıb. Bu cür ittihamla xüsusilə Polşa kəşfiyyatının keçmiş zabiti Robert Xeda çıxış edib. O, parlamentdə Çin istehsalı qadcetlərin taxılmasını "tam məsuliyyətsizlik" adlandırıb və onlara qadağa qoyulmasını tələb edib.

Soxayko özü isə ünvanına səslənən bütün iddiaları rədd edərək, yeni texnologiyaların tərəfdarı və tərəqqi tərəfdarı olduğunu vurğulayıb.

"Ümid edirəm ki, bir çox deputat, xüsusən də hakim koalisiyadan olanlar nifrət püskürmək əvəzinə, mahiyyəti üzrə çıxış etmək üçün özlərinə belə eynəklər alacaqlar", — deyə "Wyborcza" Soxaykonun sözlərindən sitat gətirib.

QAZİLER.AZ