ABŞ Ticarət Nazirliyi İranın "Mahan Airways" aviaşirkətinə və onunla əlaqəli beynəlxalq şirkətlər və fiziki şəxslər şəbəkəsinə qarşı ixrac məhdudiyyətlərinin müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib.
Qaziler.az bu barədə "RİA Novosti" agentliyinə istinadla xəbər verir.
Nazirin ixrac nəzarəti üzrə köməkçisi Devid Piters tərəfindən imzalanan sənəddə qeyd olunur ki, "Mahan Airways" ixrac nəzarəti qaydalarını sistemli şəkildə pozub. Xüsusilə, qurum iddia edir ki, şirkət "Boeing 777" sərnişin laynerlərinin üçüncü ölkələr vasitəsilə gizli şəkildə İrana ötürülməsi sxemindən istifadə edib.
Sanksiyaların təsirinə aviaşirkətin özü ilə yanaşı, BƏƏ, Böyük Britaniya, Fransa, Türkiyə, İraq, İordaniya, Suriya və Səudiyyə Ərəbistanında qeydiyyatdan keçmiş vasitəçilər və müəssisələr də məruz qalıb. Sanksiya siyahısına İraqın "Al Naser Airlines" şirkəti, Dubayın "Sirjanco Trading", "Bahar Safwa General Trading" və "Mahan Air General Trading" firmaları, Fransanın "Kerman Aviation" şirkəti, "Sky Blue Bird" qrupu və bu təşkilatların bir sıra rəhbərləri daxil edilib.
QAZİLER.AZ

