ABŞ Administrasiyası Macarıstanın keçmiş baş naziri Viktor Orbanı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi postu üçün ən münasib namizəd hesab edir.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Wall Street Journal" qəzeti yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar Orbanın beynəlxalq təşkilatın rəhbəri vəzifəsi uğrunda mübarizəyə qoşulmasını arzulayır və bu cür namizədin Rusiya ilə Çinin dəstəyini qazanacağına inanır.
ABŞ Dövlət Departamentindəki mənbə ehtimal edir ki, sabiq baş nazir Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini təmin etmək şansına malikdir və onlardan 8-nin səsini ciddi çətinlik çəkmədən əldə etmək mümkündür.
Nəşr qeyd edir ki, əsas məsələ Böyük Britaniya və Fransanın əksəriyyətin rəyinə qarşı çıxmağa nə dərəcədə hazır olmasıdır.
Qeyd olunur ki, bu iki dövlət adətən veto hüququndan istifadəyə çox ehtiyatla yanaşır.
Dövlət Departamentindəki mənbə həmçinin bildirib ki, Orban doğru ideologiyaya sadiqdir və düşmən mühitində belə rəhbərlik etmək bacarığına sahibdir.
Nəşrin yazdığına görə, ABŞ rəsmiləri daha əvvəl BMT-yə kimin rəhbərlik edə biləcəyini müzakirə edərkən bunun "Orban kimi birinin" ola biləcəyini ehtimal ediblər. Nəhayət, ABŞ düşünməyə başlayıb ki, niyə də bu postu elə Orbanın özü tutmasın, deyə məlumat verilir. 2017-ci ildən bəri BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Təhlükəsizlik Şurasının üzvləri qurumun rəhbəri postuna tövsiyə edəcəkləri namizədi seçirlər. Bundan sonra Baş Assambleyada səsvermə keçiriləcək və BMT-nin yeni baş katibi rəsmən seçiləcək. Hazırda BMT-nin baş katibi vəzifəsinə yeddi namizəd iddialıdır.

