Angela Merkel İtaliyada ərzaq qıtlığına təəccüblənib

Angela Merkel İtaliyada ərzaq qıtlığına təəccüblənib backend

Almaniyanın keçmiş kansleri Angela Merkel Amalfitan sahilindəki Ravello şəhərinə tətilə gedərkən İtaliyanın Kava-de-Tirreni şəhərindəki "Conad" supermarketinə gözlənilmədən baş çəkib.

Qaziler.az bildirir ki, "Il Mattino" nəşrinin məlumatına görə, alış-veriş zamanı o, meyvə-tərəvəz rəflərinin yarıboş olmasına diqqət yetirib və məhsul qıtlığının səbəbləri ilə maraqlanıb.

Çərşənbə axşamı Neapola gələn sabiq hökumət başçısı magistral yoldan çıxaraq yaxınlıqdakı supermarketə daxil olub. Onun gəlişi mağaza işçiləri və alıcılar üçün böyük sürpriz olub. Merkeli ilk tanıyan ət şöbəsinin əməkdaşı Assunta Lamberti olub və keçmiş kanslerin tərcüməçisi onun bu təxminini təsdiqləyib. Lambertinin sözlərinə görə, olduqca səmimi və mehriban davranan Merkel onu tanıyan insanları salamlayıb.

İtaliya nəşrinin qeyd etdiyinə görə, mağazadakı meyvə-tərəvəz qıtlığı daşıyıcıların etiraz aksiyası ilə bağlı olub və Merkel işçilərdən vəziyyətin təfərrüatlarını soruşub. Bununla belə, onun alış-veriş səbətində Kampaniya regionunun ənənəvi delikatesləri olan Qranyano makaronu və camış südündən hazırlanmış motsarella pendiri yer alıb. Alış-verişi bitirdikdən sonra o, mağazadakılarla vidalaşaraq istirahətini keçirəcəyi Ravelloya yollanıb.

QAZİLER.AZ