Rusiyanın Polşadakı səfirliyi Varşavadakı sovet əsgərlərinin memorial qəbiristanlığında növbəti vandalizm aktının baş verdiyini bəyan edib.
Qaziler.az bildirir ki, diplomatik missiyanın məlumatına görə, oktyabrın 22-də Jvirki və Viquri küçəsindəki qardaşlıq məzarlığında dəfn olunmuş qırmızı ordu əsgərlərinin adları yazılmış üçüncü xatirə lövhəsi sındırılıb.
Rusiyalı diplomatlar qeyd ediblər ki, hələ oktyabrın 18-də aşkar edilmiş zədələr Polşanın səlahiyyətli orqanları tərəfindən hələ də aradan qaldırılmayıb. Səfirlik Rusiya və Polşa arasında 1994-cü il fevralın 22-də imzalanmış sazişi xatırladıb. Sözügedən sənəd hər iki tərəfə hərbi məzarlıqların, abidələrin və digər memorial tikililərin qorunmasını təmin etmək öhdəliyi qoyur.
Baş vermiş növbəti hadisə ilə əlaqədar diplomatik missiya Polşa hakimiyyətinə kəskin etirazını bildirib və vandalizmin fəsadlarının operativ şəkildə aradan qaldırılmasını tələb edib. Rusiya tərəfi həmçinin təqsirkarların tapılaraq cəzalandırılmasına, bu cür halların qarşısının alınması üçün tədbirlər görülməsinə çağırıb və Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Mazovets voyevodasına müvafiq müraciət ünvanlayıb.
QAZİLER.AZ

