Şokoladlı desertləri çox sevən Kraliça II Yelizaveta qeyri-adi bir ənənəyə riayət edirdi: o, ad günü tortunu birdən yemir, əksinə, bir neçə gün ərzində onun "dadını çıxarırdı".
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə 11 il kral ailəsində çalışmış keçmiş kral aşpazı Darren Makqreydi məlumat verib.
Baş aşpazın sözlərinə görə, hər il kraliça üçün dəyişməz bir resept əsasında eyni şokoladlı tort hazırlanırdı. Bu desert kraliçaya ildə iki dəfə – apreldə, yəni əsl ad günündə və iyunda keçirilən rəsmi qeyd etmələr zamanı təqdim olunurdu. Nəsildən-nəslə ötürülən bu xüsusi resept II Yelizavetanın nənəsi, 1953-cü ildə vəfat etmiş kraliça Mariyanın dövrünə təsadüf edir.
Kraliçanın zövqünə tam uyğun gələn bu desert zərif teksturaya malik yüngül şokoladlı "jenuaz" biskvitindən, tünd şokoladlı qanaş qatından ibarət idi və üzəri əlavə şokolad təbəqəsi ilə örtülürdü. Şirniyyata olan böyük sevgisinə baxmayaraq, kraliça heyrətamiz dərəcədə təmkin nümayiş etdirirdi; tort bir neçə günə çatsın deyə bir qədər böyük ölçüdə bişirilirdi.
Hər çay ziyafətindən sonra tort mətbəxə qaytarılır və növbəti gün yenidən süfrəyə verilirdi. Tortdan qalan hissələr isə saray işçiləri arasında bölüşdürülürdü. Makqreydi əlavə edib ki, kraliça menyuda şokoladlı nə görsəydi, mütləq onu seçərdi və onun ən sevdiyi şirniyyat "Chocolate Perfection Pie" adlı piroq olub.
Xatırladaq ki, Britaniya kraliçası 2022-ci ilin sentyabr ayında 96 yaşında vəfat edib.
QAZİLER.AZ

