Kim Çen Inın səhhəti barədə şayiələr yayıldı: Komadadır...

Kim Çen Inın səhhəti barədə şayiələr yayıldı: Komadadır... backend

Şimali Koreya rəhbərinin səhhəti ilə bağlı şayiələr fonunda minlərlə Çin hərbçisinin KXDR-ə köçürülməsi barədə məlumatlar yayılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Londonlovesbusiness” yazır.

Nəşrin yazdığına görə, Şimali Koreya rəhbərliyi ətrafında Kim Çen Inın mümkün ağır xəstəliyi barədə xəbərlər dolaşır. Təsdiqlənməmiş məlumatlara görə, Şimali Koreya lideri beyninə qan sızması keçirə və komaya düşə bilər. Eyni zamanda, mümkün siyasi böhranın qarşısını almaq üçün minlərlə Çin hərbçisinin ölkəyə yerləşdirildiyi iddia olunur.

"Daily Star" nəşrinin verdiyi məlumata görə, Kim Çen Inın vəziyyəti ilə bağlı şayiələr 19 oktyabr axşam saatlarında sürətlə yayılmağa başlayıb. Britaniya portalı KXDR rəhbərinin xəstəxanaya yerləşdirilməsi ehtimalı və Pekinin qonşu dövlətdə hakimiyyət dəyişikliyinə mümkün hazırlığı barədə məlumatlar dərc edib. Yayılan versiyaya görə, Kim Çen In beyninə qan sızmasından sonra huşunu itirib. Onun vəziyyətinin o dərəcədə ciddi olduğu iddia edilir ki, Çin rəhbərliyi artıq Şimali Koreyada yarana biləcək siyasi qeyri-sabitlik ssenarilərini nəzərdən keçirməyə başlayıb.

Dərc olunan materiallarda 9000-ə yaxın Çin hərbçisinin mümkün transferindən bəhs edilir. Ehtimal olunur ki, onların tapşırığı dövlət çevrilişinin qarşısını almaq və Kim Çen Inın ölkəni idarə edə bilmədiyi təqdirdə sabitliyi təmin etmək ola bilər.

Bəzi mənbələr Kim Çen Inın gizli şəkildə Pekinə aparılması versiyasını da yayırlar. Bu iddialara görə, Şimali Koreya lideri təcili tibbi yardım göstərilməsi üçün Pekin Tibb Universitetinin xəstəxanasına çatdırılıb. Bəzi internet resursları isə daha da irəli gedərək KXDR rəhbərinin mümkün ölümü barədə məlumatlar yayıblar. Bununla belə, bu növ versiyaların heç biri müstəqil mənbələr tərəfindən təsdiqini tapmayıb.

Şayiələr fonunda Kim Çen Inın mümkün varisi məsələsi yenidən gündəmə gəlib. Namizədlərdən biri kimi son illərdə atası ilə birlikdə rəsmi tədbirlərdə mütəmadi olaraq görünən qızı Kim Cu E qeyd olunur.

Nəşrlərdə qeyd olunan məlumata görə, Kim Çen In sonuncu dəfə 11 oktyabrda ictimaiyyət qarşısına çıxıb. Həmin vaxt o, həyat yoldaşı və qızı ilə birlikdə Pxenyandakı müdafiə muzeyini ziyarət edib. Tədbirin fotoşəkilləri Şimali Koreyanın dövlət mediası tərəfindən 13 oktyabrda dərc olunub. Bundan sonra liderin ictimai fəaliyyəti barədə yeni xəbərlərin olmaması şayiələrin yayılması üçün əsas səbəblərdən birinə çevrilib.

Bənzər vəziyyət 2020-ci ildə də yaranmışdı, o zaman Şimali Koreya liderinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması onun mümkün ölümü və ya komada olması barədə xəbərlərə yol açmışdı. Sonradan Kim Çen In yenidən kütlə qarşısına çıxaraq ən radikal fərziyyələri təkzib etmişdi.

QAZİLER.AZ