“SpaceX”in təsisçisi İlon Mask ABŞ Prezidenti Donald Trampa Ukraynada “Starlink” peyk sisteminin işini zəiflətməyi təklif edib. Amerika liderinin razılığından sonra Pentaqona məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.
Qaziler.az xəbər verir ki, “The Telegraph” qəzeti bu barədə dörd mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təşəbbüs məhz Maskdan gəlib. Qəzetin həmsöhbətlərindən biri iddia edir ki, Tramp sahibkarın təklifini dəstəkləyib və bundan sonra ABŞ-nin hərbi qurumu sistemin hərbi versiyası olan “Starshield”in fəaliyyətini məhdudlaşdırıb.
Bununla belə, Mask daha əvvəl bəyan etmişdi ki, Ukraynada “Starshield”in sürətinin məhdudlaşdırılması və istifadə şərtləri ilə bağlı qərarlar ABŞ hərbçilərinin və prezidentinin səlahiyyətindədir.
Qəzetin mənbəsinin iddia etdiyinə görə, Mask avropalı istifadəçilərin mənfi reaksiyasından qorxub və bu qərardan uzaq durmağa çalışıb. Medianın həmsöhbətinin sözlərinə görə, baş verənlərə görə məsuliyyət həm sahibkarın, həm də ABŞ administrasiyasının üzərinə düşür. Bu versiyanı nəşrə yüksək rütbəli bir avropalı məmur və iki ukraynalı mənbə də təsdiqləyib.
Xatırladaq ki, oktyabrın 16-da Tramp Ukraynanın “Starshield” sisteminə çıxışının məhdudlaşdırılmasında heç bir iştirakının olmadığını bəyan edib. Ağ Ev rəhbəri İlon Maskın da bu məsələ ilə əlaqəsi olmasına şübhə etdiyini bildirib.
QAZİLER.AZ

