Coan Roulinqin 1997-ci ildə işıq üzü görən "Harri Potter və fəlsəfə daşı" kitabının nadir nüsxəsi hərracda demək olar ki, 400 min dollara satılıb. Söhbət cəmi 500 nüsxəsinin qorunub saxlanıldığı təxmin edilən ilk tirajdan gedir.
Qaziler.az xəbər verir ki, bu barədə "New York Post" yazıb.
Qalın cildli kitab oktyabrın 14-də Texasda keçirilən "Heritage Auctions" hərracında satılıb. Dörd dəqiqəlik auksion zamanı son pay 320 min dollara çatıb, alıcının komissiyası da daxil olmaqla ümumi məbləğ 400 min dollar təşkil edib.
Nüsxənin dəyəri yalnız onun nadir olması ilə deyil, həm də ilk nəşrin özünəməxsus xüsusiyyətləri ilə izah olunur. Kitabın 53-cü səhifəsində, Harrinin məktəb ləvazimatları siyahısında "1 wand" (1 sehrli çubuq) ifadəsi iki dəfə qeyd edilib, çıxış məlumatları səhifəsində isə müəllifin adı yazıçının tam adı ilə — "Joanne Rowling" kimi göstərilib. Kitabın üz qabığında ilk tiraj üçün xarakterik olan digər detallar və çap səhvləri də qalıb.
Kitab 1997-ci ildə Böyük Britaniyanın "Bloomsbury" nəşriyyatı tərəfindən buraxılıb. İlkin olaraq bu cür nüsxələr azyaşlı oxucuların yeni kitabla tanış ola bilməsi üçün uşaq kitabxanalarına verilərmiş.
Hərrac evinin məlumatına görə, nüsxə çox yaxşı vəziyyətdə qalıb, cildində yalnız kiçik sürtülmələr və cızıqlar olub, səhifələri isə zamanla bir qədər saralıb.
QAZİLER.AZ

