Rusiya Prezidenti Vladimir Putin mülki və hərbi obyektlərin mühafizəsi üzrə işlərin səmərəliliyinin artırılmasını tapşırıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə Birləşmiş Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsinə səfəri zamanı bəyanat verib.
"Biz mülki, ilk növbədə mülki, lakin təbii ki, hərbi obyektlərimizin də mühafizəsi işinin səmərəliliyini artırmalıyıq", — deyə dövlət başçısı bildirib.
Sentyabr ayında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan etmişdi ki, dövlətin ən mühüm vəzifələrindən biri Rusiyanın mülki obyektlərini düşmənin pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaqdır. O qeyd edib ki, radioelektron mübarizə (REM) vasitələri bu cür obyektlərin mühafizəsinə xidmət edən sistemin yalnız bir hissəsidir. Siyasətçinin sözlərinə görə, bu vasitələr kifayət qədər tez köhnəlir, çünki dronlarla mübarizə "qılınc və qalxan yarışı" kimidir. Bununla əlaqədar olaraq, bütün zəruri hava hücumundan müdafiə (HHM) vasitələrinin inkişafı və təkmilləşdirilməsinə ciddi diqqət yetirilir.
QAZİLER.AZ

