Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores cümə axşamı Nyu-York məhkəməsində işgəncə ittihamı üzrə özlərini təqsirli bilmədiklərini bəyan ediblər. Yanvar ayından ABŞ-da həbsdə saxlanılan cütlüyə qarşı yeni ittihamlar irəli sürülüb. Onlar siyasi müxaliflərə, o cümlədən elektrik cərəyanı ilə işgəncə vermək, döymək və boğulma görüntüsü yaratmaq kimi işgəncə əməllərini törətmək məqsədilə əlbir olmaqda ittiham edilirlər.
Özünü “müharibə əsiri” adlandıran Nikolas Maduro irəli sürülən ittihamları “saxta iddialar” kimi qiymətləndirib. Karakasın keçmiş rəhbəri və həyat yoldaşı yanvar ayında ABŞ hərbçilərinin Venesuelada keçirdiyi genişmiqyaslı hərbi əməliyyat zamanı yaşadıqları iqamətgahda ələ keçirildikdən sonra narkotik qaçaqmalçılığı və odlu silahlarla bağlı cinayətlərdə də ABŞ-da mühakimə olunurlar.
Onların hər ikisi Bruklindəki federal həbsxanada ciddi rejim şəraitində saxlanılır. Məhbusların qəzetlərə və internetə çıxışı yoxdur, lakin onlara ailə üzvləri və vəkilləri ilə telefonla danışmağa icazə verilir. Cütlüyün məhkəmə prosesi 2027-ci il iyunun 1-də başlanmalıdır.
2013–2026-cı illərdə prezidentliyi dövründə Nikolas Maduro insan hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən hakimiyyətdə qalmaq üçün mütəmadi olaraq repressiv üsullardan istifadə etməkdə ittiham olunub. Keçmiş dövlət başçısının ələ keçirilməsindən sonra vitse-prezident Delci Rodriges müvəqqəti prezident kimi onun yerini tutub. O, Vaşinqtonun təzyiqləri altında ölkəni idarə edir. ABŞ isə neftlə zəngin ölkədə hakimiyyətin faktiki olaraq öz əlində olduğunu bəyan edir. (trend)

